Mudros müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir.
Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı.
Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi:
"Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin."
Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər.